"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Bir neçə dil bilmək beyin fəaliyyətinə necə təsir edir?
Alimlər uşaq və böyüklərin bir və bir neçə dil bilmələrindən asılı olaraq (bilinqvizm, trilinqvizm, multilinqvizm) onların bacarıqlarını daim tədqiq edirlər.
1930-1950-ci illərdə hesab edilirdi ki, bilinqvizm uşaqların əqli qabiliyyətlərinə zərər vurur. Sonradan alimlər belə nəticəyə gəldilər ki, bilinqvizm uşaqlara zərər vurmur, əksinə, bilinqvlər bəzi məsələlərin (linqvistik və koqnitiv) öhdəsindən daha yaxşı gəlirlər. Düzdür, koqnitiv testlərin həlli zamanı (Strup testi, Saymon testi) bilinqvlər və monolinqvlər arasında fərq olmadığı aşkarlanmışdır, çünki hər ikisi testlərin öhdəsindən asanlıqla gəlmişlər. Lakin beyin fəaliyyətinin proseslərinin vizualiasiyası zamanı məlum olmuşdur ki, monolinqvlər və bilinqvlərdə beyin müxtəlif cür istifadə olunur.
Bilinqvlər bir dil bilən şəxslərdən ağıllı deyillər, lakin onların təfəkkürü arasında fərq mövcuddur. Bilinqvlər çoxsaylı yayındırıcı amillər arasında vacib olan məlumatı daha yaxşı seçə bilirlər. Bir neçə dil bilən insanlar diqqətlərini daha yaxşı cəmləşdirir və yeni biliklərə daha effektiv yiyələnirlər. Tədqiqatçıların fikrincə, bu onu göstərir ki, iki dili eyni zamanda öyrənmək diqqəti cəmləşdirmə qabiliyyətini artırır.
Alimlər həmçinin bilinqvlərdə və monolinqvlərdə yaşlılıqla bağlı xəstəliklərin meydana çıxmasını da tədqiq etmişlər. Məlum olmuşdur ki, kəmağıllılıq əlamətləri və Alsheymer xəstəliyi bilinqvlərdə daha gec meydana çıxır. Beyində xəstəlik yarandıqda bilinqvlərdə kompensasiya edici təsir işə düşür və beyinin normal fəaliyyət göstərməsinə imkan verir.
Bundan başqa, poliqlotlarda insult yaranması riski monolinqvlərlə müqayisədə daha aşağıdır. Həmçinin, bir neçə dil bilən insanlar insultdan sonra daha asan və olduqca daha tez bir zamanda öz sağlamlıqlarını bərpa edirlər (40% qarşılığında 20%). Bütün bunların izahatı çox sadədir: sinir sisteminin əsas orqanı olan beyinin aktiv işi damarlarda problemlərin yaranmasının qarşısını alır və insultun meydana çıxma riskini azaldır.
Bilinqvizm digər əqli fəaliyyətlərlə yanaşı,beyinin koqnitiv funksiyalarını dəstəkləyir. İki dil arasında daim seçim etmə cəhdi beyini stimullaşdırır, qocalmanı ləngidir və idrak qabiliyyətini qoruyub saxlayır.