"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Fiziki məşğələlər xarici dillərin mənimsənməsini asanlaşdırır
Fiziki məşğələlər xarici dilləri daha yaxşı mənimsəməyə imkan verir. Bu nəticə Çin və İtaliya alimlərinin apardığı müvafiq tədqiqatdan sonra əldə edilmişdir.
Aparılmış təcrübələr yaddaş və fiziki aktivlik arasında qarşılıqlı əlaqənin olduğunu göstərir. Belə ki, məktəblilər tədris prosesi fiziki aktivliklə birlikdə aparıldığı halda daha yaxşı müvəfəqiyyət nümayiş etdirir, laboratoriya siçanları qəfəslərdə qaçış çarxları olduğu halda məlumatı daha yaxşı yadda saxlayırlar.
Sınaqlarda 25 yaşında 40 kişi və qadın iştirak etmişdir. Bütün iştirakçılar ingilis dilini eyni metodika ilə öyrənmişdir. Sınaq iştirakçıları iki qrupa ayrılmışdır: birinci qrupla siniflərdə adi dərslər keçirilmiş, ikinci qrupla aparılan dərslərə isə velotrenajorlar vasitəsilə fiziki məşğələlər əlavə olunmuşdur.
Bir dərs ərzində iştirakçılara 40 söz nümayiş etdirilmiş, bundan sonra öyrənilmiş materialın nə dərəcədə yadda saxlandığını müəyyən etmək üçün testlər aparılmışdır. İngilis dili dərsini velotrenajorlarla birgə keçən qrup daha yaxşı nəticə göstərmişdir.
Tədqiqatın müəlliflərindən biri, Milanın Vita-Salyute San-Rafaele Universitetinin psixologiya və linqvistika üzrə professoru Simon Sulpitsionun sözlərinə görə, "Əldə edilmiş nəticələr göstərir ki, tədris prosesində fiziki aktivlik tədrisin effektivliyini artırır". O, həmçinin əlavə etmişdir ki, "idman" qrupunun iştirakçıları nəinki sözləri yaxşı yadda saxlamış, həm də onları nitqdə daha düzgün istifadə etmişdir.
Bir neçə Avropa universitetinin alimlərinin apardığı başqa bir tədqiqat yaşlı insanlara həsr olunmuşdur. Bu tədqiqat nəticəsində müntəzəm fiziki məşğələlərin yaşlı insanların dil biliklərini qoruyub saxlamasına yardımçı olduğu müəyyən edilmişdir.
Alimlərin apardıqları sınaqlar sözləri yada salıb demək bacarığının tədqiqinə yönəlmişdir. Tədqiqatda 67 yaşdan yuxarı yaşlı insanlar və 22-23 yaşlı gənclər iştirak etmişdir. Tədqiqat iştirakçılarından müxtəlif məşhur insanların (siyasətçilərin, aktyorların, yazıçıların və s.) adlarını və ya onlara verilən izahat əsasında anlayışların adını yada salıb demək tələb olunmuşdur.
Sınaq prosesində iştirakçılar eynilə velotrenajorda test keçmiş və məşğələlərə sərf olunan oksigenin ölçülməsi yolu ilə aerob yükün səviyyəsi müəyyən edilmişdir. Beləliklə, fiziki məşğələlərin yaşlı insanların sözləri yada salmaq bacarığı ilə birbaşa əlaqəli olduğu məlum olmuşdur.