Hüquqi və fiziki şəxslər üçün hər cür tərcümə xidmətləri!

"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.

Peşəkar tərcüməçinin peşəkar tərcümə texnikaları


Peşəkar tərcüməçi yazılı mətni tərcümə edərkən müxtəlif tərcümə texnikalarından istifadə edir. Bəzi mətnlərin tərcüməsi asan olsa da, digər mətnin yaxşı tərcüməsi üçün konteksti dərindən anlamaq və müəyyən yaradıcı düşüncəyə malik olmaq tələb olunur.

İxtisaslı tərcüməçilərin istifadə etdiyi əsas tərcümə texnikalarından bəzilərini nəzərdən keçirək.


Birbaşa Tərcümə Texnikaları


Tərcüməçi mətnin digər dilə tərcüməsi zamanı orijinal mətnin struktur və konseptual mənasını qoruyub saxlaya bildiyi halda birbaşa tərcümə texnikasından istifadə edir.

1. Alınma sözlərin istifadəsi

Alınma sözün istifadəsi sözün orijinal dildən götürülərək, tərcümə etmədən başqa dildə istifadə edilməsidir. Məsələn, "roll" sözü ingilis dilindən, "suşi" sözü yapon dilindən götürülüb və mətn tərcüməsində də eynilə istifadə olunur.

2. Kalka Bu üsul hərfi və ya sözbəsöz tərcümə deməkdir. Tərcüməçi bir dildən sözləri və ya ifadələri götürüb birbaşa digər dilə tərcümə edir. Məsələn, əməkgün - rusca "трудодень", özünütənqid - "самокритика" sözünün kalkasıdır.

3. Hərfi Tərcümə

Hərfi tərcümə də kalka kimi, sözbəsöz tərcümədir. Bu, birbaşa tərcümə prosesdir. Bəzi yaxın dillərdə işlənməsi uyğun olasa da, bir çox digər tərcümə növləri üçün əksər hallarda işləmir. Sözbəsöz tərcümədə mətn həddən artıq sadələşdirilə və orijinal mətnin məqsədi itirilə bilər.


Dolayı tərcümə texnikaları


Orijinal mətnin strukturunu əhəmiyyətli dərəcədə dəyişmədən onun asanlıqla tərcümə edilməsi mümkün olmayan hallarda tərcüməçilər dolayı tərcümə texnikalarına əl atırlar.

4. Transpozisiya

Transpozisiya iki dil arasında qrammatik qaydalardakı struktur fərqləri ilə əlaqədar olaraq tərcümə mətnində orijinal cümlədə sözlərin yenidən sıralanmasıdır. Məsələn, ingilis və fransız dillərində isim və sifətin sıralanması üçün fərqli qrammatik qaydalar var. İngilis dilində "violet fish" fransızca "poisson violet" kimi tərcümə olunur - isim və sifətin yeri dəyişir.

5. Modulyasiya

Bu texnikadan istifadə edərkən tərcüməçi orijinal mətnin mənasını qoruyub saxlamaqla, onu hədəf oxucu üçün daha anlaşılan etmək üçün, fərqli dil vasitələri ilə ifadə edir. Buna misal olaraq, ingiliscə "It is not difficult to show" (yəni, Göstərmək çətin deyil) ifadəsinin ispanca "Es facil de demostrar" (yəni, "sübut etmək asandır") kimi verilməsidir. Modulyasiya edilmiş tərcümə hərfi tərcümə ilə müqayisədə oxucunun başa düşməsini asanlaşdırır.

6. Reformulyasiya

Reformulyasiya mənanı saxlamaq üçün tərcümənin tamamilə dəyişdirilməsidir. Tərcüməçilər bu texnikadan çox vaxt zarafatların, söz oyunlarının, deyimlərin və atalar sözlərinin tərcüməsi zamanı istifadə edirlər.

Beləliklə, ixtisaslı tərcüməçi peşəkar tərcümə texnikaları tətbiq edərək, tərcümə mətninin mənasını maksimal qoruyub saxlamaqla, hədəf kütlənin öz ana dilində olduğu kimi səslənməsini təmin edir.



Digər maraqlı məlumat və yeniliklərlə tanış olun >>