"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Xarici dil biliyi səviyyəniz hansıdır?
İngilis dili biliyini qiymətləndirməyə imkan verən bir çox təsnifatlar var. Ən geniş yayılmış təsnifatlardan birində üç əsas səviyyə qeyd edilir. Bu konsepsiya Ümumi Avropa İstinad Çərçivəsi (Common European Framework of Reference – CEFR) adlanır və istənilən xarici dil biliyini qiymətləndirmək üçün istifadə olunur. Beləliklə, hər səviyyə arasındakı fərq nədir və burada hansı bacarıqlar əsas götürülür?
CEFR sistemi nədir və harada istifadə olunur?
CEFR standartı çoxsaylı testləri ümumi standarta gətirmək üçün 2001-ci ildə Avropa Şurasının ekspertləri tərəfindən hazırlanmışdır. Bu sistem ilk növbədə tələbələrin hazırlığını müəyyən etmək üçün istifadə olunur. Hər səviyyədə tələbələrin əsas bacarıqları – söz ehtiyatı, qrammatika, oxu, yazı, şifahi nitqi anlama qiymətləndirilir.
İngilis dilini CEFR standartına uyğun öyrənmək istəyənlər onun səviyyələrini və hər səviyyəni göstəricilərini bilməlidirlər. Bu, təlim üçün material seçməyi asanlaşdıracaq və vacib mövzuları nəzərdən qaçırmamağa imkan verəcəkdir.
İngilis dili biliyinin səviyyələri
CEFR sisteminə əsasən dil biliyi üç qrupa bölünür - A (Basic User – Başlanğıc səviyyəli istifadəçi), B (Independent User – Sərbəst istifadəçi) və C (Proficient User – Peşəkar istifadəçi). Onların hər biri də iki alt qrupa bölünür və beləliklə, altı səviyyə alınır. Hərf təyinatlarından əlavə, onların hər birinin daha geniş istifadə olunan qeyri-rəsmi adı var - Elementary, Intermediate, Advanced. Bu səviyyə adlarına dərsliklərin üz qabığında və xarici dil kurslarında daha çox rast gəlinir.
Beləliklə, A səviyyəsi (A1 Elementary) və A2 (Pre-Intermediate) alt qruplarına bölünür. Birincisi ingilis dilini sıfırdan öyrənməyi nəzərdə tutur. Bu səviyyədə siz sadə ifadələri başa düşmək və istifadə etmək, suallar vermək, özünüz haqqında danışmaq və yol istiqamətini soruşmaq və ya kafedə sifariş vermək bacarıqlarına sahib olursunuz. Dili A2 səviyyəsində bilən şəxs artıq cümlələrlə danışa, tez-tez istifadə olunan ifadələrdən istifadə edə və sadə dialoqlara girə bilir.
Dilçilərin adətən orta səviyyə adlandırdıqları B səviyyəsində siz ingilis dilində demək olar ki, bütün əsas məqamları bilirsiniz. Bu səviyyə öz növbəsində, B1 (Intermediate) və B2 (Upper-Intermediate) alt qruplarına bölünür. Birinci səviyyədə şəxs ona tanış olan və ya onu maraqlandıran hər hansı bir mövzuda danışmağı bacarır və ingilisdilli ölkəyə səfər zamanı yarana biləcək əksər vəziyyətlərin öhdəsindən gəlir, eləcə də istənilən mətnin əsas ideyasını başa düşür, həmin dilin daşıyıcıları ilə fasiləsiz və çaşmadan sərbəst ünsiyyət qurur. Upper-Intermediate səviyyəsi isə yüksək səviyyədə ingilis dili biliyidir. Məhz bu səviyyədən xarici ölkələrin təhsil müəssisələrinə qəbul başlayır.
Nəhayət, üçüncü C səviyyəsi artıq ingilis dilinin mükəmməl bilik səviyyəsidir. C1 (Advanced) səviyyəsində peşəkar dil biliyinə malik olan şəxs mürəkkəb mövzularda aydın və ətraflı mətnlər qura, dildən sosial, təhsil və peşə məqsədləri üçün istifadə edə bilir. Ən sonuncu C2 (Proficiency) səviyəsi həmin dildə ana dili kimi mükəmməl danışan savadlı insanın biliyinin əks etdirir.