"S&K Translation" Tərcümə Mərkəzi dünyanın bütün dillərinə peşəkar səviyyədə yazılı və şifahi tərcümə xidmətləri göstərir, sənədlərin notarial qaydada təsdiqini həyata keçirir, eləcə də digər müvafiq xidmətlərin göstərilməsini təmin edir.
Yeni "Sigmo" tərcümə cihazı istifadəyə verilib
Xarici ölkəyə səfər zamanı qarşımıza çıxan çətinliklərdən biri dil məhdudiyyətidir. "Sigmo" şirkəti məhz bu çətinliyi nəzər alaraq alternativ həll işləyib hazırlamışdır.
Belə ki, müasir dünyada texnologiyanın inkişafı insanlar arasında ünsiyyəti asanlaşdırmaq üçün universal tərcümə vasitələrindən istifadə etməyə imkan verir. "Sigmo" şirkətinin işləyib hazırladığı kiçik cihaz 25 dildə söhbəti real zaman rejimində tərcümə etmək imkanına malikdir.
"Sigmo" modeli son dərəcə sadədir - cihazda hətta displey belə yoxdur. Cihaz iki iş rejiminə malikdir: birinci - mikrofona deyilən mətnin seçilmiş dilə dərhal tərcüməsi, ikinci - xarici dilin "dinlənilməsi" və onun istifadəçinin dilinə tərcümə edilməsi.
Cihaz ucadan səsləndirmə funksiyasına malikdir və Apple smartfonunda Siri assistenti üçün qəbuledici kimi istifadə oluna bilər. Bu zaman smartfonla Bluetooth vasitəsilə əlaqənin və İnternet bağlantısının olması mütləqdir. iOS və Android proqramları sayəsində isə tərcümə dili seçilə bilər. Eyni zamanda, offlayn tərcümə funksiyasından da istifadə etmək mümkündür. Belə ki, istifadəçi öz smartfonuna hazır lüğətləri yükləməklə, İnternet bağlantısı olmadan "Sigmo"dan istifadə edə bilər.
Şirkətin maliyyələşməsi yenə də İndiegogo platforması vasitəsilə təmin edilir. Həmin platformada cib tərcüməçisini əvvəlcədən sifariş vermək mümkündür.
Qeyd edək ki, ilk dəfə "Sigmo" cihazları 2014-cü ilin yanvar ayında buraxılmış və onların qiyməti 50 dollar təşkil etmişdir.